Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu gündən Azərbaycanda nələr dəyişəcək

© Sputnik / Murad OrujovBakının mərkəzi
Bakının mərkəzi - Sputnik Azərbaycan, 1920, 01.01.2022
Abunə olmaq
2022-ci ildən maaşların, pensiyaların, sosial müavinətlərin, əməkhaqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğin, rüsumların və daha nələrin dəyişəcəyi Sputnik Azərbaycan-ın materialında
BAKI, 1 yanvar — Sputnik. 2022-ci ilin yanvarın 1-dən əməkhaqqı və əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlər artırılacaq. Gələn ildən daha nələrin dəyişəcəyini Sputnik Azərbaycan oxucuların diqqətinə çatdırır.

Qazanc xərci üstələyəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, dövlət başçısının imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb:
"Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minimum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq".
S.Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn il əməkhaqqında orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq.
Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda əhalinin sosial rifahını qoruyan addımlar da atılmalıdır: "Milli Məclisdə gedən büdcə müzakirələri zamanı qeyd olundu ki, gələn ilin birinci yarısında bahalaşma tamamilə dayana bilər. Bu il inflyasiya orta hesabla 8-10 faiz həcmində idisə, gələn il 3-4 faizə qədər enə bilər və bu, qazancın xərci üstələməsi deməkdir".

Gələn ildən əməkhaqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq

2022-ci ildən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manatadək olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. İndiyədək bu, 1% idi. Başqa sözlə, bu sektor üzrə icbari tibbi sığorta haqqının məbləğinə edilən 50 faizlik güzəşt bu ildən ləğv edilir.
İndiyədək qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manata qədər olan hissəsindən 1% həcmində icbari tibbi sığorta haqqı tutulurdu.
Məsələn, işçinin aylıq əməkhaqqı 1500 manatdırsa, onun əməkhaqqından 2%, yəni aylıq 30 manat icbari tibbisığorta haqqı tutulacaq. İndiyədək isə həmin işçidən aylıq 15 manat tutulurdu. Həmçinin, işəgötürən işçi üçün həmin məbləğin 2%-ni, aylıq 30 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
Hazırda ölkədə minimum aylıq əməkhaqqı 250 manatdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10 manat icbari tibbi sığorta haqqı ödəyirlər. Minimum maaş dəyişən zaman icbari tibbi sığorta haqqı da dəyişəcək.

Ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin idxal və satışına vergi güzəştləri

Ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisinin artırılması məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilib. Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. İstehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalının da 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.
Beləliklə, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, növbəti ildən satışının, habelə hibrid avtomobillərin idxalının və satışının ƏDV-dən azad olunması nəticəsində bu avtomobillərin bazarda qiymətinin aşağı düşməsi nəticəsində əhali üçün əlçatanlığı artacaq, habelə ekoloji mühitə öz müsbət töhfəsini verəcək.

Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışına güzəştlər

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi üzrə Vergi Məcəlləsinə təklif edilmiş növbəti dəyişikliklərdən biri kənd təsərrüfatı məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılması və beləliklə də daxili bazarda qiymətlərin enməsi üçün iqtisadi zəminin yaradılmasına yönəlib. Layihəyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 2 il müddətində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması, habelə kənd təsərrüfatı texnikalarının operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlərin ƏDV-dən azad edilməsi təklif olunur.
Bu istiqamətdə birinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının bütün satış zənciri üzrə ƏDV-nin həmin məhsulların tam dəyərindən deyil, tətbiq edilən ticarət əlavəsindən hesablanmasıdır. Mövcud vəziyyətdə istehsalçıdan alınan kənd təsərrüfatı malları ƏDV-dən azad olunan əməliyyatla alındığı üçün həmin malların sonrakı satışı 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilirdi. Təklif olunan dəyişiklik nəticəsində ƏDV bu malların ticarət əlavəsindən hesablanacağı üçün ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin enməsi üçün zəmin yaranacaq.
Bu istiqamətdə ikinci dəyişiklik - kənd təsərrüfatı məhsullarının istehsal üzrə ƏDV-li xərc elementlərinin ƏDV-dən azad olunması (kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən aqrotexniki xidmətlərin və onlara kənd təsərrüfatı texnikasının icarəyə (lizinqə) verilməsinin ƏDV-dən azad edilməsi) istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsi ilə nəticələnəcəkdir ki, bu da qiymətlərin azalmasına təsir edəcək.

ƏDV gerial

2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər. Qanunvericiliyə əsasən, istehlakçıya qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər bu istisna yalnız neft və qaz məhsullarına tətbiq olunurdu.

Rüsumlar dəyişdirilir

"Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklərə əsasən, gələn ildən bir sıra dövlət rüsumlarının məbləği dəyişdirilir. Bəzilərini təqdim edirik:
– Xarici pasportların alınmasına və dəyişdirilməsinə görə rüsumlar artırılır. 10 iş günü ərzində almaq üçün rüsum 40 manatdan 60 manata, 5 iş günündə almaq üçün 80 manatdan 120 manata, 1 iş günündə almaq üçün rüsum 160 manatdan 210 manata qaldırılır,
– Nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır,
– Nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır,
– Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün rüsum 10 manatdan 15 manata qaldırılır,
– Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum 22 manatdan 30 manata qaldırılır,
– Avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatdan 30 manata qaldırılır;
– Sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır,
– Alkoqollu içkilərə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə dövlət rüsumunun dərəcəsi artırılır. Məsələn, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturatlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan denaturatlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materialları hər litrinə tətbiq olunan aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır,
– İpoteka müqaviləsinin təsdiqi üçün dövlət rüsumu Bakı şəhərində 110 manatdan 150 manata, digər şəhər və rayonlarda 44 manatdan 50 manata qaldırılır,
– Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır,
– Gigiyenik sertifikatın verilməsi üçün rüsum 15 manatdan 25 manata qaldırılır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları qalxacaq

Gələn il üçün ölkəmizdə minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Minimum əməkhaqqının artması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları da qalxacaq. "Sosial sığorta haqqında" qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Hazırda Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 125 manat, digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar isə aylıq 62 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəyir. 2022-ci ilin yanvar ayından ödənişlər tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 150 manata, digər sahələrdə çalışan fiziki şəxslər üçün isə 75 manata qaldırılacaq.
Başqa sözlə, gələn ilin yanvar ayından tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı 25 manat (20 faiz), digər sahələrdə çalışan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı isə 12 manat 50 qəpik (20 faiz) artacaq.
Qeyd edək ki, "Sosial sığorta haqqında" qanuna görə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında.

Yaşayış minimumu və ehtiyac meyarı

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılması nəzərdə tutulur.
2022-ci ildə ehtiyac meyarı 200 manat məbləğində müəyyən olunub. Bu, cari ildəkinə nisbətən 30 manat və ya 17,6 faiz artım deməkdir.
Eləcə də oxuyun:
* Enerji, elektrik, qaz... Dövlət qurumlarının illik hesabatı
Xəbər lenti
0