Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Şimal-Cənub dəhlizi Zəngəzur dəhlizini kölgədə qoya bilərmi?

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidYük qatarı, arxiv şəkli
Yük qatarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
Maraqları gözlənməyən tərəf dayanıqlı sülhə və sabitliyə xələl gətirə biləcək addımlar ata bilər.
BAKI, 22 dekabr — Sputnik. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi özünün "Twitter" hesabında yazıb ki, bu həftə İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa arasında yeni dəhliz işə düşəcək.
Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Şimal-Cənub dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars körfəzi və Hindistan) sınaqdan keçirilməsindən sonra Pakistan, İran və Türkiyə arasında aktivləşdiriləcək.
Sputnik Azərbaycan dəhlizinin fəaliyyətə başlamasının geosiyasi əhəmiyyəti və Zəngəzur dəhlizinin fəaliyyətinə təsiri ilə bağlı politoloqlar Elşən Manafov və İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, bu dəhliz Zəngəzur dəhlizinə alternativ olmaq imkanlarına sahibdir. Onun sözlərinə görə, bu dəhliz Türkiyə və İran arasında iqtisadi ticarət dövriyyəsinə öz töhfəsini verəcək:

"Azərbaycan da bu dəhlizdə iştirakçı olduğundan ölkəmizin də mənfəət götürmək imkanları olacaq. Azərbaycan öz xarici siyasətini çox vektorlu əsaslarla həyata keçirir. Zəngəzur dəhlizi tək Azərbaycan üçün açılmır. Bu regionda olan bütün ölkələr üçün əlverişli iqtisadi imkanlar yaradır".

Elşən Manafov qeyd edib ki, Zəngəzur dəhlizi böyük İpək yolunun da əhəmiyyətinin artmasına təkan vermiş olacaq:
"Bölgədəki kommunikasiya xətlərinin işə düşməsi bütün ölkələrin inkişafına, sülhə və sabitliyə səbəb olacaq. Layihələrin reallaşmasında maraqlı olan bəlli dairələr, transmilli şirkətlər növbəti dəfə qanlı hərbi toqquşmaların baş verməsinə imkan verməyəcək. Maraqları gözlənməyən tərəf isə dayanıqlı sülhə və sabitliyə xələl gətirə biləcək addımlar ata bilər".
"Dəhlizlərin açılması bölgənin hakim siyasi elitaları tərəfindən razılaşdırılıb. Ona görə də düşünürəm ki, alternativ dəhlizlərin olması rəqabətin ədalətli və davamlı olmasına şərait yaradacaq. Azərbaycan həm Şimal-Cənub, həm də Zəngəzur dəhlizindən mənfəət götürə biləcək", – deyə politoloq bildirib.
Politoloq İlyas Hüseynov isə bildirir ki, İranın Azərbaycanla olan gərginliyində də Zəngəzur dəhlizi əsas əngəllərdən biri kimi göstərilirdi:

"Ermənistan da bu gərginlikdən çox məharətlə istifadə edirdi. Hazırda isə Azərbaycanın cənub qonşusu ilə münasibətləri normallaşma mərhələsindədir. Bu xüsusda ən önəmlisi Türkmənistan-İran-Azərbaycan arasında bağlanmış sazişdir. Bu, münasibətlərin normallaşması üçün ilkin zəmin formalaşdırdı".

İranın məqsədi tətbiq olunmuş sanksiyalar fonunda ölkənin nəqliyyat tranziti imkanlarının genişləndirilməsidir, deyən politoloq qeyd edib ki, Fars körfəzindən Qara dənizə buradan isə dünya okeanlarına çıxış araşdırılır:

"Zəngəzur dəhlizi bu baxımdan həmin nəqliyyat qovşaqlarının seqmenti kimi nəzərdən keçirilir. Bu baxımdan İran tərəfdən dərc olunan xəritələrdə rəsmi Bakının maraqlarına zidd olan məqamlar müşahidə edilmir. Əksinə Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyəti artır. Hər hansı destruktiv yanaşmaların olması, gündəlikdə olan marşrutlardan kənarda hansısa marşrutların çəkilməsi bizim maraqlarımıza ziyanlı hesab edilir".

Politoloq vurğulayıb ki, bu gün gündəliyi Azərbaycan müəyyənləşdirir: "Azərbaycan imkanlarından geniş şəkildə istifadə etməklə Avrasiya regionunda gedən dəyişikliklər prosesində aparıcı rolunu qorumaqda israrlıdır. Bu istiqamətdə rəsmi Tehran və Bakı arasında uzlaşdırıcı məqamlar var. Bu baxımdan münasibətlərin dərinləşməsi üçün böyük potensial mövcuddur".
Xəbər lenti
0