SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə ilə Rusiyanın tikanlı yolu: "S-400"lə bağlı yeni vəziyyət yaranıb

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidS-400
S-400 - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
İnsanların gözdən qaçırdığı bir nüans var. Çinlə Rusiya bir-birlərinə rəqibdir. Ancaq türk dünyası ilə Rusiya bir-birinə rəqib deyil. Bu faktın gələcəkdə daha qabarıq şəkildə özünü göstərəcəyini düşünürəm
BAKI, 23 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskva arasında mühüm razılığın əldə olunduğunu bəyan edib. Belə ki, Rusiya və Türkiyə "S-400" zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.
Ərdoğan bunun Rusiya və Türkiyə üçün həssas məsələ olduğunu da qeyd edib. Bir digər maraqlı məqam ondan ibarətdir ki, Türkiyə lideri bu razılıq barədə ilk dəfə NATO üzvü olan başqa bir ölkə - İspaniyanın Baş naziri Pedro Sançeslə Ankarada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Ekspertlər bu mesajın məhz həmin görüşdə səslənməsinin heç də təsadüf olmadığını deyirlər. Görünən budur ki, müəyyən fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Rusiya hərbi sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir. Sputnik Azərbaycan məsələ ilə bağlı Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağarla həmsöhbət olub.
Abdullah Ağar hesab edir ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır: "S-400" məsələsi hərbi ehtiyacdır. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.
Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" HHM sistemləri almaq istədi, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət etdi. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərdi. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, bu müdafiə sistemlərini Türkiyə Rusiyadan aldı".
Ekspert vurğulayıb ki, bu məsələ Ankaranın müdafiə ehtiyacını qarşılamaqla yanaşı, Moskva ilə arasındakı hərbi əməkdaşlığın mühüm bir elementinə çevrildi:
"Bundan sonra Türkiyəni hava hücumundan müdafiə sistemindən məhrum edən ABŞ başda olmaqla, bir sıra NATO ölkələri öz etirazlarını bildirdi. Bununla da kifayətlənməyib, Türkiyəni ittiham edir, ona qarşı sanksiyalar qəbul edirlər. Düşünürəm ki, bu, rəsmi Vaşinqton da daxil olmaqla, NATO ölkələrinin strateji səhvdir. Çünki Türkiyə bu silah sistemini siyasi alət kimi istifadə etmək üçün almayıb. Ankara özünü müdafiə etmək ehtiyacı olduğuna görə aldı".
İki ölkə arasında münasibətlərin bundan sonra necə inkişaf edəcəyindən danışan hərbi ekspert bildirib ki, Türkiyə ilə Rusiyanın getdiyi yol nə qədər tikanlı olsa da, onlar birgə yol qət edə bilirlər:
"Türkiyə ilə Rusiya arasında münasibətlər son dərəcədə qeyri-standartdır. Tərəflər arasında müxtəlif sahələrdə rəqabət var, lakin bu rəqabətə baxmayaraq onlar bir güvən formalaşdıra biliblər. Ankara və Moskva öz maraqlarına baxmayaraq, əksər məsələlərdə vahid mövqedən çıxış edə bilirlər. Gələcəkdə Türkiyə ilə Rusiya arasında münasibətlər çox önəmli bir işbirliyinə çevrilə bilər. Çünki iki qonşu ölkənin son dərəcə mənfəətli ortaq nöqtələri, maraqları var.
Rusiya Türkiyə ilə bərabər hərəkət etməkdə çox istəklidir. Lakin Türkiyə NATO üzvüdür. Bu bir gerçəkdir ki, Türkiyə ilə Rusiya arasında münasibətlər inkişaf edir. Bu münasibətlər başda Cənubi Qafqaz olmaqla, Balkan yarımadası, Yaxın Şərq və Asiyada rifahı, sabitliyi və əməkdaşlığı inkişaf etdirə bilər. İnsanların gözdən qaçırdığı bir nüans var. Çinlə Rusiya bir-birlərinə rəqibdir. Ancaq türk dünyası ilə Rusiya bir-birinə rəqib deyil. Bu faktın gələcəkdə daha qabarıq şəkildə özünü göstərəcəyini düşünürəm".
Xəbər lenti
0