Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan "Keşikçidağ" qoruğuna yol çəkir

© Sputnik / Ilham Mustafayev"Keşikçidağ" mağara-məbədlər kompleksi
Keşikçidağ mağara-məbədlər kompleksi - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Təxminən 6-cı əsrə aid edilən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna turistlərin ziyarətini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi baxımından önəmli rola malikdir.
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağstafa rayonunda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğuna gedən yeni avtomobil yolunun inşasını davam etdirir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, həmin yol başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. II texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 32 km təşkil edir.
Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir.
Yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülüb, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilib.
Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü borular quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunub.
Hazırda zəruri materialdan istifadə olunmaqla yeni yol əsasının inşası, yol əsası hazır olan hissələrə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin nəzərdə tutulmuş müddət ərzində icra olunaraq yekunlaşdırılması üçün tikinti sahəsinə kifayət qədər qüvvə cəlb olunub.
Təxminən 6-cı əsrə aid edilən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun turizm əhəmiyyəti nəzərə alınır. Turistlərin bu abidəni ziyarət etməsini asanlaşdırmaq üçün inşa edilən yeni avtomobil yolu regionun potensial imkanlarının genişləndirilməsi və turizmin inkişafı baxımından önəmli rola malikdir. Layihənin reallaşması yeni turizm marşrutlarının yaranmasına da şərait yaradacaq.
"Keşikçidağ" qoruğu
Qeyd edək ki, "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycanın Gürcüstanla sərhədində yerləşir. Qoruqda qədim alban məbədi yerləşir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisinə düşür.
2019-cu ilin oktyabrında Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin "Keşikçi qala" sərhəd zastavası kompleksi istifadəyə verilib.
Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşməklə böyük coğrafi sahəni əhatə edən "Keşikçi qala" sərhəd zastavasının qədim alban tarixinin yadigarı olan "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir, burada xidmət aparan sərhədçilər dövlət sərhədini mühafizə etməklə yanaşı, həm də tarixi-memarlıq abidələrimizin, xalqımızın milli-mədəni irsinin keşiyində dayanırlar.
Xəbər lenti
0