SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zəfər Günü, Türk Şurası və erməni təxribatları - həftənin zəngin mənzərəsi

© Sputnik / Murad OrujovBakıda Zəfər Gününə həsr olunmuş yürüş
Bakıda Zəfər Gününə həsr olunmuş yürüş - Sputnik Azərbaycan, 1920, 14.11.2021
Abunə olmaq
BAKI, 14 noyabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Noyabrın 8-i Azərbaycan 44 günlük Vətən müharibəsində qələbənin ildönümünü - Zəfər Gününü qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib.
"Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir.
Zəfər Günü bizim bayramımızdır. Bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.
Əziz dostlar, əziz Azərbaycan xalqı. Mən sizi bu şanlı bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan Ordusuna yeni qələbələr, Azərbaycan xalqına yeni uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - deyə Prezident çıxışında bildirib.
O qeyd edib ki, düşmən öz xoşu ilə torpağımızdan çıxmaq istəmir, daha da azğınlaşır və Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəbuledilməz addımlar atır və bəyanatlar verir. "Qarabağ Ermənistandır" deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi.
"Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi- qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma "parlamentinin" köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq", - İlham Əliyev noyabrın 8-i Şuşada hərbçilər qarşısında çıxışı zamanı bildirib.
Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətədək davam edəcək
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib: "Şanlı qələbənin qazanılmasında xüsusi qəhrəmanlıq göstərən igidlər və şəhidlər heç zaman unudulmayacaq. Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Qələbə qazanıldı, lakin uzun illərdən sonra Qafqaza sülh gətirəcək prosesin daimi olması üçün yeni mübarizə başlayıb. Bu kontekstdə Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü addımdır".
Lukaşenko Prezident İlham Əliyevə zəng edib
Noyabrın 8-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın strateji xarakterini təsdiq edib, bu ilin aprel ayında Bakıda iki prezident arasında danışıqların gedişində əldə edilmiş razılaşmaların reallaşmasının gedişini nəzərdən keçirib, Azərbaycan ərazisində genişmiqyaslı qarşılıqlı faydalı layihələrin reallaşmasında Belarus şirkətlərinin iştirakının perspektivlərini müzakirə ediblər.
Aleksandr Lukaşenko Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.
Belarus Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.
Prezident Aleksandr Lukaşenko çoxillik Qarabağ münaqişəsinin bütün qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş və qan tökülməsinə son qoymuş Bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.
Bundan əlavə, Belarus dövlətinin başçısı Azərbaycan Prezidentinə bildirib ki, Belarus və Azərbaycan xalqlarının dostluğu əlaməti olaraq Minskdə Gəncə şəhərində doğulmuş görkəmli şair və mütəfəkkir Nizami Gəncəviyə abidə qoyulacaq.
Əliyev Ərdoğanın qətiyyəti barədə: "Bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil"
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik etdi, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırdı. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət dilədi.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğuladı ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu.
Dövlətimizin başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğuladı.
Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd etdilər.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edildi.
Üçtərəfli bəyanatın ildönümü astanasında Lavrov Bayramova zəng etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ermənistan Azərbaycanın Kəlbəcərə yol çəkən mühəndis texnikalarını atəşə tutub
Noyabrın 9-u Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Xalqımızın birliyinə qəsd edilməsinə imkan verməyəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin qurucusu Atatürkün anım günü ilə bağlı Anıtkabiri ziyarət edib. Ərdoğanla yanaşı, Anıtkabiri Türkiyənin digər dövlət rəsmiləri də ziyarət ediblər. Türkiyə prezidenti ziyarət zamanı xatirə dəftərinə bu fikirləri qeyd edib:
"Əziz Atatürk, ölümünüzün 83-cü ildönümündə sizi bir daha rəhmətlə yad edirik. Biz, bədxahların əməllərinə baxmayaraq sizin əsasını qoyduğunuz və əmanət etdiyiniz Respublikanı genişləndirməyə və inkişaf etdirməyə, həmçinin region və dünyanın parlayan ulduzu etməyə davam edirik. Başda təhsil, səhiyyə, təhlükəsizlik və sənaye olmaqla hər sahədə əldə etdiyimiz tarixi uğurlarla 2023-cü il hədəflərimizə doğru qətiyyətlə irəliləyirik. Biz heç vaxt ölkəmizin bütövlüyünə, dövlətimizin varlığına, nəcib xalqımızın birliyinə, əmin-amanlığına, qədim dəyərlərinə qəsd edilməsinə imkan verməyəcəyik. Ruhunuz şad olsun".
Qeyd edək ki, 10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün vəfat etdiyi gündür.
Ermənistanın Qaragöldə yeni təxribatı
Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.
Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.
Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Qeyd edək ki, üçtərəfli bəyanatın imzalanmasından bəri erməni tərəfi dəfələrlə sərhəddə və Qarabağda təxribatlar törətməyə cəhd göstərib.
Ermənistan Gorus-Qafan yolundan imtina etdi
Noyabrın 11-i Azərbaycan Gorus-Qafan yolunda gömrük nəzarəti yaratmaq istəyir, ona görə Ermənistan yeni yola keçir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bildirib.
"Azərbaycan öz ərazisində, Eyvazlı - Çayzəmi yolunda gömrük nəzarəti qurmaq istəyir", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, bundan sonra Ermənistan tərəfi öz vətəndaşlarını Qafan–Aqvani–Tatev yoluna yönləndirir.
Azərbaycanın Qarabağda qələbəsi bütün türk dünyası üçün anlam daşımaqdadır
"Əziz qardaşım, müzəffər Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli liderliyi ilə 30 ilə yaxın davam edən işğala 44 gün kimi qısa bir müddətdə son verildi. Bu sadəcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün anlam daşımaqdadır". Sputnik Azərbaycan xəbər verir ki, bunu İstanbulda noyabrın 12-i Türk Şurası ölkələrinin VIII Zirvə toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Vətən müharibəsi nəticəsində illərdir həyata keçirilməyən BMT TŞ qərarları həyata keçirilib. Azərbaycan bununla da beynəlxalq birliyin hafizəsinə adələt mesajını nəqş etmişdir. Azərbaycanın öz ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini möhkəmləndirmişdir", - deyə Ərdoğan qeyd edib.
"Qarabağın azadlığının simvolu olan xarıbülbül türk dünyası üçün zəfərin müjdəçisi olmuşdur. Qarabağ zəfəri ilə sadəcə işğal altında olan torpaqlar azad edilmədi, eyni zamanda bölgədə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və işbirliyinə aparan yolun önü açıldı. Bu vəsilə ilə əziz qardaşım cənab İlham Əliyevə Türk dünyasının ali nişanını təqdim etməkdən dərin bəxtiyarlıq duyuram, azadlıq yolunda şəhadətə yüksələn qəhrəmanlarımızı rəhmət və minnətlə yad edirəm", - deyə Türkiyə prezidenti əlavə edib.
Yeddi dövlət, bir Türk Dövlətləri Təşkilatı
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezident Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdımühəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilib.
Sammitdə həmçinin Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib.
Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərarlar qəbul edilib.
"Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı təsis edilib.
Tədbirdə həmçinin Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.
Ermənilər Şuşa yaxınlığında növbəti terror aktı törətdilər
Ötən gün Ermənistan vətəndaşı olan terrorçu Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb. Bu barədə DİN və Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5" markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdikləri avtomobildən düşüblər.
O, Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların olduğu istiqamətə atıblar.
Nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd ediblər.
"Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır", - deyə DİN və Prokurorluğun birgə yaydığı məlumatda bildirilir.
Xəbər lenti
0