Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Milli burjuaziya xəyalı və ya şou-biznesdəki hacılar

© AFP 2023 / ANDREJ IVANOVMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Onlar nə islam dinini tövsiyə etdiklərini dərk edir, nə də modern dünya ilə ayaqlaşa bilirlər. Özlərini sığortalamaq üçün “Hacı” titulunu yarlık kimi adlarının qarşısına yapışdırıb, dindən-imandan uzaq həyat yaşayırlar.
Milyonçu Hacı Zeynalabdin Tağıyev, 1908-ci ildə, “Təzə həyat” qəzetinə müsahibəsində deyir: “...Bütün işlərimlə yanaşı fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə – uzaq kəndlərə də göndərilməlidir.”
Tağıyevin bu fikirlərini dəfələrlə, təkrar-təkrar oxuyuram və hər dəfəsində boğazım qəhərdən düyümlənir. Qürurla və fəxrlə anıram Hacını. Öz alın təriylə, zəhmət və inadkarlıqla, bir qədər də bəxtin, taleyin cilvəsiylə milyoner olmağı bacarmışdı Hacı Zeynalabdin Tağıyev. Çalışqan və gözüaçıq adamdı. Dünyanın gərdişindən, həyatın gedişatından anlayırdı. Dəbdəbəli və bolluq içində, qayğısız və komfortlu həyat yaşasa, öz xalqını, xalqın gələcək taleyini, müqəddəratını da düşünməyi bacarırdı. Böyük xeyirxah və mesenant olmaqla yanaşı, xalqın geriliyini görüb, ona çarə olmağa çalışanlardan və bu yolda fədakarlıq edənlərə arxa-dayaq olanlardan idi.
Təhsilə, mədəniyyətə, xalqın rifahına milyonlarını göz qırpmadan xərcləyir, çəkdiyi əziyyətlərin bir gün bəhrəsini verəcəyinə bütün qəlbi ilə inanırdı. Onu sadəcə öz millətinin nümayəndələri deyil, Bakıda yaşayan bütün xalqların və milətlərin nümayəndələri sevirdilər. Təsəvvür edin ki, Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı Hacını özlərinə fəxri sədr seçmişdilər. Nadir rast gəlinən etibar və güvən nümunəsidir.
O, bir yandan maarifçilik hərəkatına dəstək olur, bir yandan həm məscid, həm də kilsə tikintisinə dəstək verirdi. Bir müsəlman, şərq milyonçusu düşünün ki, ölkəsində ilk teatrı da, müsəlman dünyasında ilk müasir qızlar məktəbini də o tikdirib. Xüsusilə qızlar məktəbi üçün Hacının gördüyü işlər inanılmazdır. Hər dəfə bu barədə hansısa yazı qarşıma çıxanda acgözlüklə oxuyuram və gözlərim dolur.
***
Hacı Zeynalabdin Tağıyev mənim nəzərimdə elə bir şəxsiyyətdir ki, bu ölkənin hər bir vətəndaşı onu xatırlamalı, xeyirxah əməllərini özünə nümunə götürməlidir. Şübhəsiz ki, Hacının da mənfi yönləri, qəribəlikləri olub. Bunlar mənə görə xırda təfərrüatlardır. Gördüyü yaxşı işlərin sayı o qədər çox, ictimai-mədəni fəaliyyəti, mesenantlığı o qədər çoxşaxəlidir ki, haqqında oxuduqca, o dövrün tarixi mənbələrini araşdırdıqca insan riqqətə gəlir.
Bəli, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın müasir milyonçularına, biznesmenlərinə, böyük kapital və mal-mülk sahiblərinə nümunə olmalı şəxsiyyətdir. Xalq üçün təmənnasız işlər görməyi, maarifçiliyi, təhsilin və mədəniyyətin təbliğini, sənət adamlarına və ziyalılara dəstək olmağı Hacıdan öyrənmək lazımdır. Onun işıqlı əməlləri hər bir azərbaycanlı iş adamına görk olmalıdır. Yüz il sonra da, biz o böyük kişini sayğı və sevgiylə anır, haqqında xoş sözlər yazıb, nümunə göstəririksə, deməli bu xalq unutqan deyil və böyük əməllər heç zaman unudulmur.
***
Müasir dövrümüzdə də imkanlı, varlı-hallı hacılar var. Hətta əsrin əvvəllərində olduğundan daha çoxdur. Onlar dəbdəbəli həyat yaşayır, bahalı maşınlarda gəzir, xarici ölkələrdə istirahət edir. Onların da geniş əlaqələri, yaxşı ətrafları, sanballı dostları var. Onların da arasında xeyirxahlıq və yardımsevərliklə məşğul olanlar, xalqa yaxın olmağa çalışanlar var. Ancaq nə sirri-xudadırsa bizim müasir hacılar hansısa ciddi işlərə yatırım etməkdən, mədəniyyəti, incəsənəti, təhsili düşünməkdən çox-çox uzaqdırlar.
Onlar nə islam dinini tövsiyə etdiklərini dərk edir, nə də modern dünya ilə ayaqlaşa bilirlər. Özlərini sığortalamaq üçün “Hacı” titulunu yarlık kimi adlarının qarşısına yapışdırıb, dindən-imandan uzaq həyat yaşayırlar. Halbuki Hacı Zeynalabdin Tağıyev kimi nümunəsi olan azərbaycanlı iş adamları çoxlu xeyriyyə cəmiyyətləri açmalı, xalqın geridə qalan tərəflərinə dəstək olmağı bacarmalı idilər. Tağıyev teatr binası tikdirib, xalqının incəsənətinə öz töhfəsini verirdi, müasir hacılar uzaqbaşı hansısa bayağı müğənninin mənasız klipinə bir ətək pul xərcləyib, sonra onu “saxlamağı” ilə dost-tanışının yanında öyünə bilirlər. Yüz illik zaman kəsiyində Hacılar da çox dəyişib...
***
113 il əvvəl, ali təhsilsiz, bənnalıqdan neftxudalığa yüksələn Hacı dərk edirdi ki, “kitab, məcmuə və qəzet çap etdirib, hər yerə – uzaq kəndlərə də göndərilməlidir”. Və şübhəsiz ki, Hacı bütün bunlar üçün əlindən gələni edirdi. Bizim müasir hacılar isə, təhsilə, kitaba, mədəniyyətə o qədər uzaqdır ki, çoxusunun evində kitab rəfi belə yoxdur, həyatlarında kitab, qəzet üzü açmırlar, teatra getmir, filmə baxmırlar. Oturub söhbət edəndə puldan və yaşadıqları bahalı, dəbdəbəli və bir o qədər də bayağı həyatdan başqa danışacaqları bir şey yoxdur. Mənə elə gəlir ki, milli burjaziya formalaşmamış, bu ölkədə təhsilin, mədəniyyətin, incəsənətin və ədəbiyyatın da vəziyyəti düzəlməyəcək. Bu cür işlərdə dövlətin dəstəyini gözləmək sadəlövhlükdür, kapitalizmin şərtləri başqadır. Bizdə xalqın içindən çıxmış və içindən çıxdığı xalqı sevən milli burjaziyanın dəstəyinə böyük ehtiyac var. Bizim burjaziyamız, biznesmenlərimiz milli işlərə can yandırmadıqca, böyük dəyişiklik də olmayacaq.
***
Təsadüfən şou-biznes xəbərləri çıxdı qarşıma və “hacıların” bu sahədə çox populyar olduğunu kəşf etdim. Ötən əsrin əvvəllərindəki hacıları xatırlayıb, bir də müasir şou-biznesdəki hacıları sərf-nəzər etdim. Və anladım ki, hər sahədə insan öz əcdadını tanımalı, kökünə sadiq olmalıdır. Müasir hacılar ğtən əsrin əvvəllərində hansısa toyda, tiyəkin və şərabın xumarıyla xanəndəyə mülk, neft quyusu bağışlayan harın hacıların varisləridir, nə etmək olar. Bizim ümidimiz isə, Hacı Zeynalabdin kimi kişilərin varislərinin ortaya çıxmasına qalıb...
Xəbər lenti
0