CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir yapon şəhəri, bir cənub şəhəri və Xankəndi

© Sputnik / Mediabanka keçidВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Qonşuya ümidli olan çıraqsız qalır. Əfqanlar bu gün həmin vəziyyətdədirlər. ABŞ generalları çıraqlarını da götürüb “imperiyalar bataqlığı” olan bu ölkəni tərk etdikdən dərhal sonra Taliban dominantlıq qazandı, hətta Kabilə də girdi.
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı yeddi hadisəsi şərh edilir.

Əfqanlar hara getsinlər?!

Qonşuya ümidli olan çıraqsız qalır. Əfqanlar bu gün həmin vəziyyətdədirlər. ABŞ generalları çıraqlarını da götürüb “imperiyalar bataqlığı” olan bu ölkəni tərk etdikdən dərhal sonra Taliban dominantlıq qazandı, hətta Kabilə də girdi.
Qorxulusu odur ki, Taliban hakimiyyətini hansısa formada legitimləşdirə. Platon demişkən, “Ədalət güclünün mövqeyidir”. Talibanın gücü onun qəbul etdiyi həqiqətləri ədalətə çevirə bilər.
Əfqanları guya xilas etmək üçün oraya gedən Qərb ölkələri şələ-şüləsini yığaraq Əfqanıstanı tərk edir. ABŞ, Fransa, Bitaniya və digər bir neçə ölkə diplomatik fəaliyyətlərini dondurub, vətəndaşlarını təcili olaraq bu barıt çəlləyinə çevrilmiş ölkəni tərk etməyə çağırır. Bəs əfqanlar nə etsinlər?! Onillərdir bu həyatı yaşamağa məhkum olan əfqanlar neçənci sort insanlardır? Onlar hara getsinlər? Avropada, Amerikada onları gözləmirlər, ölkəyə buraxmırlar, deportasiya edirlər.
BMT-nin Əfqanıstanla bağlı mövqeyi isə narahatlıqdan o tərəfə keçmir. Açıqlamaya baxın: “Güclü atışmalar nəticəsində mülki insanlar arasında ölüm hallarının artması böyük narahatlıq doğurur”.
Əfqanıstanın ağlar günə qalmasında məsuliyyət daşıyanlar indi yalnız “narahatdır”, sabah isə yenə insan hüquqlarından “master-klas”lara başlayacaqlar.
Nobel mükafatçısı Aziz Sancar xatirələrində yazır:
"Bir gün Los-Ancelesdə mağazada kassir qız məndən soruşdu:
- Hansı ölkədənsiniz?
- Türkəm.
- "Midnight Express" filmini izlədim. Siz türklər faşistsiniz.
- Xanım, mən isə Xirosima və Naqasakini izlədim. Amma bu, film deyildi".

Yaxın Şərqdən də yaxında

Terror Yaxın Şərqdən də yaxındadır – qulağımızın dibində, Ermənistanda. Bu ölkədə 44 günlük müharibədən sonra terror təşkilatlarının yaradılması barədə məlumatlar var. Türkiyədə fəaliyyət göstərən Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin başqanı Savaş Eğilmez bildirib ki, “Ermənilərin qurduqları yeni təşkilatın üzvləri PKK və ASALA kimi digər terror qrupları tərəfindən dəstəklənən "POGA" adlanan məktəbdə pulsuz hərbi təlim keçirlər”.
Amma 30 ildir qurulan, müdafiə istehkamları ilə gücləndirilən nizami ordu ilə 44 günə darmadağın olan Ermənistan terror təşkilatı ilə nəyə ümid edə bilər ki?! Bəli, Bakıda Qənimətlər Parkının yaxınlığında ikinci belə park üçün də yer var.
Əslində, şoumenləri, ultra-millətçiləri və bu kəsim üzərində siyasi oyunlar quranları kənara qoysaq, erməni xalqı da artıq reallığı və Azərbaycanla toqquşmağın nəticələrini aydın dərk edir.
Xankəndidə evlərin kütləvi satışa çıxarılması da təsdiq edir ki, xalq boşboğazlara inanmır. Amma Qarabağ ermənilərini heç İrəvan tərəfdə də gözləmirlər. Qarabağdan gələnlərə qarşı münasibət indi daha aqressivdir.
Bu arada erməni saytlarının məlumatına görə, Xankəndidə su böhranı yaşanır, şəhərin ən azı 30 faizində su yoxdur.
Erməni xalqının xoşbəxt gələcəyi qonşularla konfrontasiyalara son qoymaqdan keçir, silahlanmadan, hərbi təhdid ritorikasından və Şoyqunun hədiyyəsi olan qılıncdan yox.
Srağagün “CNN Türk”ə müsahibəsində Prezident İlham Əliyev xəbərdarlıq etdi: “Görünür, İkinci Qarabağ savaşı hələ ki hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq”.

Bədbəxt cənub

Dünyanın xüsusilə cənub qütbündəki insanların həyatı sual altındadır. Əfqanlar kimi qarabəxtli, qaradərili daha bir xalqın həyatı qaradır: nigeriyalılar. Nigeriyanın səhiyyə naziri ölkədə hər saatda 9 nəfərin malyariyadan öldüyünü açıqlayıb. Dünya üzrə hər 4 malyariya xəstəsindən biri Nigeriyadadır, hər 2 dəqiqədə bir uşaq həyatını itirir.
Haitidə srağagün 7,2 bal, dünən isə 5 bal gücündə zəlzələ baş verib. Bu cənub ölkəsinin də günü qaradır: 2010-cu ildə 7 bal gücündə zəlzələ nəticəsində 200 min insan həlak olmuş, 300 min insan yaralanmış, 1,5 milyon insan evsiz qalmışdı.
“Greenpeace” təşkilatının hesablamalarına görə isə Yerin hərarətinin cəmi 1.5 dərəcə artması dünya okeanında suyun səviyyəsinin qalxmasına səbəb olacaq ki, bu da Kiribati, Vanuatu, Solomon adaları kimi dövlətlərin ərazisinin yaşayış üçün yararsız hala düşməsinə gətirib çıxaracaq.

Hərarət artır

Bəli, həftənin başlıca mövzularından biri dünya üzrə temperaturun yüksəlməsi ilə bağlı idi.
2021-ci ilin iyul ayı meteomüşahidələr tarixində - son 140 ildə ən isti ay olaraq qeydə alınıb.
Ötən əsrlə müqayisədə planetdə orta hərarət 1,1 dərəcə artıb. Ehtimal olunur ki, 2040-cı ilədək Yer daha 1.5 dərəcə isinəcək. Belə olan halda dünya ölkələrində daha intensiv təbii fəlakətlər – qasırğalar, quraqlıqlar, sel və yanğınlar müşahidə olunacaq. Deməli, indi müşahidə etdiklərimiz hələ jurnaldır, kino qabaqdadır.
Hələ bu harasıdır - Harvard Universitetinin alimi Əli Əhməd nüvə elektrik stansiyalarında baş verən qəzaların sayının artmasını qlobal istiləşmə ilə əlaqələndirib.

Bu da bir cənub şəhərindən

Cənubumuzdakı şəhərlərdən Qarabağa daxil olan yük avtomobilləri də həftənin mövzusu idi. Hələ 44 günlük müharibədə sosial şəbəkələrdə İran avtomobillərinin Ermənistana yük daşıdığını əks etdirən görüntülər yayılmışdı. Bu faktın yenidən təkraralanmasını hiddətlə qarşılamamaq olmur. Vəziyyət o həddə çatdı ki, İrana nota verildi.
Nəhayət, Tehran mövqeyini dəqiqləşdirməlidir: müsəlmanlara qarşı soyqırımlar törədən, islam abidələrini viran qoyan işğalçı ilə dost olur, yoxsa Azərbaycanla?!
Tehranda unutmamalıdırlar ki, Azərbaycan öz ərazisindən ona qarşı istifadə edilməsini qətiyyətlə rədd etmişdi.
Bizə fətva, dua-filan lazım deyil, cənub şəhərindən də praktik mövqe gözləyirik.

Dualar koronavirusda da kömək etmir

Bəli, həkimlər yalnız vaksinasiya tövsiyə edirlər. Dünyada ən azı hər 40 nəfərdən biri virusa yoluxub artıq. Bəzi ölkələr öz rekordlarını yeniləyir. Peyvəndə marağın az olması, bəzi ölkələrin isə onu “peyvənd millətçiliyi” səbəbindən əldə edə bilməməsi pandemiyanın genişlənməsinə rəvac verir.
Almaniyada isə 8557 nəfərə koronavirusa qarşı peyvənd əvəzinə adi fiziki məhlul vurulub.
Bu arada “Taliban” hərəkatı Əfqanıstanın şərqindəki Paktiya vilayətində koronavirusa qarşı vaksinlərin istifadəsini qadağan edib.
Yaponiyada karantin qaydasının pozulmasının unikal forması qeydə alınıb: Şəhər meri softbol üzrə Olimpiya çempionu olmuş Yaponiya millisinin üzvü Miu Qoto ilə görüşdə onun medalını götürərək dişləyib. 72 yaşlı mer yaşından-başından utanmadan gənc idmançıya sevgi təklifi də edib. İdmançı isə medalını dəyişdirəcəyini bildirib, sevgidən isə söhbət gedə bilməz.
Koronavirisa yoluxanların sayı artıq bizdə də gündəlik olaraq 3 min civarındadır. Və hələ də kimlərsə saxta COVID pasportunun daha etibarlı olduğuna inanır və onu əldə etmək üçün tanış həkim axtarır.

Onlayn və səyyar

“Patı” satıcıları isə daha da fəallaşıblar. Hər üç kriminal xəbərdən birində bu narkotikin adına rast gəlmək mümkündür.
Ən təhlükəlisi odur ki, bu adamlar üçün artıq sərhəd yoxdur. Ötən həftə sosial şəbəkələrdə Xırdalan ərazisində yerləşən AAAF Park yaşayış kompleksində uşaqlara “konfet, saqqız” adı ilə müxtəlif tabletlərin təklif edilməsi haqda iddia yayıldı.
Narkotacirlər bizneslərini həm də onlayn rejimdə davam etdirirlər.
Bu cür yöndəmsiz işlərlə məşğul olan adamların fotolarına baxın, əksər hallarda sima törədilmiş əmələ uyğun gəlir. Babamın aforizmi yadıma düşür: “Şikilsiz adamdan şikilsiz iş çıxar”.
Eləcə də oxuyun:
Xəbər lenti
0