Taleh Yüzbəyov: “AVRO-2020 turnirində könüllü kimi iştirakın faydaları çoxdur”

Abunə olmaq
“Təklif mənim üçün gözlənilməz oldu. Futbolu sevən biri olduğum üçün düşünmədən razılaşdım. Avropa çempionatının bir hissəsi olmaq mənim üçün çox xoşdur”

BAKI, 23 dekabr — Sputnik. Futbol üzrə Avropa Çempionatının Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov könüllülüyün üstünlükləri və AVRO-2020 çərçivəsində bəzi oyunların Azərbaycanda keçiriləcəyi haqqında fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.

- AVRO-2020 Bakı Könüllülər Proqramının səfiri olmaq təklifi Sizin üçün gözlənilməz olmadı ki? Bu missiya Sizin üçün nə qədər önəmlidir?

- Əlbəttə, bu təklif mənim üçün gözlənilməz oldu. Futbolu sevən biri olduğum üçün düşünmədən razılaşdım. Avropa çempionatının bir hissəsi olmaq mənim üçün çox xoşdur.

© Instagram / taleh.yuzbayovAVRO-2020 Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov
Taleh Yüzbəyov: “AVRO-2020 turnirində könüllü kimi iştirakın faydaları çoxdur” - Sputnik Azərbaycan
AVRO-2020 Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov

- Son zamanlar, xüsusən də təhsil ocaqlarında gənclərlə çox görüşləriniz olub. Gənclərin çoxunda könüllü olmaq marağını hiss edirsiniz? Görüşlərdə adətən nə haqda danışırsınız və söhbətlərdən sonra könüllülüyə marağı olmayanlarda sonradan bu marağın yarandığını hiss edirsiniz?

- Əvvəllər də könüllülüyə maraq kifayət qədər var idi. Amma bildiyimə görə, görüşdən sonra müraciətlərin sayı daha da artıb. Görüşlərdə zarafatlaşıb, öz tələbəliyimdən, sevimli komandam məğlub olanda ağlamağımdan və könüllü olmağın onlara verə biləcəyi faydalardan danışırdım. Ümumiyyətlə, görüşlərimiz maraqlı keçirdi. 

- Bu növ tədbirlərə könüllülərin cəlb olunması ümumiyyətlə, nə dərəcədə önəmlidir? 

- Artıq bütün dünyada, Avropa ölkələrinin çoxunda könüllülük proqramı həyata keçirilir. Bu gün könüllü olmaq bir prioritet sayılır. Əgər hər hansı bir şəxs nə vaxtsa könüllü kimi fəaliyyət göstəribsə, iş üçün CV ilə müraciət etdikdə, könüllülük təcrübəsi onun üçün böyük üstünlük sayılır. Könüllü olmuş şəxsin könüllü olmayan şəxsə nisbətən işə götürülmək şansı daha çoxdur. Könüllülüyün yaşı yoxdur, könüllü olmaq üçün mütləq gənc olmaq şərt deyil, hətta orta yaşlı insanlar belə könüllü kimi cəlb olunaraq, ölkədə keçirilən tədbirdə iştirak etməklə ona öz töhfələrini verə bilərlər. 

- AVRO-2020 könüllüsü olmaq üçün 5 əsas səbəb sadalaya bilərsinizmi?

- AVRO-2020 könüllüsü olmaq üçün 5 əsas səbəb kimi deyə bilərəm ki, birincisi, AVRO-2020 ölkəmizdə keçirilən ən böyük və vacib tədbirlərdən biridir; ikincisi, futbolu sevən hər bir kəs onun bir parçası olmaq istəyir və könüllü kimi bu tədbirə öz töhfəsini verə bilər; üçüncüsü, bayaq dediyim kimi, könüllü olaraq tədbirdə iştirak gələcəkdə iş karyerasında çox böyük üstünlük sayılır; dördüncüsü, könüllülərə UEFA tərəfindən sertifikat təqdim olunacaq ki, bu da birbaşa Avropadan gələn sertifikatdır; beşincisi də, könüllülərə “Adidas”dan yaxşı idman geyim dəsti təqdim olunacaq. Yəni ki, AVRO-2020 turnirində könüllü kimi iştirakın faydaları çoxdur. 

© Photo : Instagram / taleh.yuzbayovAktyor Taleh Yüzbəyov
Taleh Yüzbəyov: “AVRO-2020 turnirində könüllü kimi iştirakın faydaları çoxdur” - Sputnik Azərbaycan
Aktyor Taleh Yüzbəyov

- AVRO-2020 turniri, futbol üzrə Avropa Çempionatının ilk dəfə 12 müxtəlif ölkədə keçiriləcəyi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- AVRO-2020 Avropa çempionatının 60 illik yubileyi ilə üst-üstə düşür, yəni bu, bir futbol bayramıdır. Bu bayram bir ölkədə deyil, bir neçə ölkədə keçiriləcək, böyük bir ərazidə bayram abu-havası hiss olunacaq. Hamımız bu bayramı hiss edib, özümüzə bir pay götürə biləcəyik.

- Bəzi oyunların Bakıda keçirilməsi Azərbaycana nə verəcək?

- Əlbəttə, ilk növbədə turist axını olacaq. Bir çox ölkələr kimi, Azərbaycanın da turist axınına ehtiyacı var. Futbol da təbii formada onu gətirir. Dörddəbir oyunun Bakıda keçirilməsi nəticəsində Bakımızda mədəniyyətlərin qarışığı baş verəcək, otellərimiz, mağazalarımız turistlərlə dolacaq, yəni bunun bir növ xeyri var ki, ziyanı yoxdur. Futbol bayramının içində olacağıq. Bakı sakini olaraq, bunu hiss etmək, futbol bayramının mərkəzində olmaq çox gözəl bir hissdir.   

- Neytral bir azarkeşi Bakıda keçiriləcək oyunları seyr etməyə dəvət edəsi olsanız, ona nə deyərsiniz? Yəni o, nəyə görə AVRO-2020 zamanı məhz Azərbaycana gəlməlidir?

- Bakı gözəl şəhərdir. Gəlib Bakının həm tarixi, həm də müasir binalarından zövq ala bilər. Bakı təhlükəsizdir, təmizdir, Azərbaycanın dadlı yeməkləri var. Bilirəm ki, Bakımızda futbol turniri yüksək səviyyədə təşkil olunacaq. Ən azı, gəlib görməyə dəyər.

© Association of Football Federations of AzerbaijanAVRO-2020 Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov
Taleh Yüzbəyov: “AVRO-2020 turnirində könüllü kimi iştirakın faydaları çoxdur” - Sputnik Azərbaycan
AVRO-2020 Bakı Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov

- Son olaraq hər hansı bir əlavəniz (məsələn, yerli yaxud da xarici potensial könüllülərə, azarkeşlərə müraciət) varsa, buyura bilərsiniz.

- Müsahibəyə görə təşəkkür edirəm. Heç bir əlavəm yoxdur. Hamımıza, AVRO-2020 turnirində ev sahibi olan ölkələrdən biri kimi Azərbaycana turnirin keçirilməsində uğurlar arzulayıram. Arzu edirəm ki, bu vəzifənin öhdəsindən hamımız layiqincə gələk, alnıaçıq və üzüağ bu işi sona çatdıraq.

Xəbər lenti
0