CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sizin kimi olmayanları alçaltmayın, onları lağa qoymayın - Məktəblərdə yeni hərəkat

© pixabay / Free-PhotosMəktəbli qız, arxiv şəkli
Məktəbli qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq: "Təəssüf ki, çox vaxt müəllimlər özləri bullinqə şərait yaradır, onun təşəbbüskarı özləri olurlar. Bütün sinfin qarşısında şagirdə qarşı aşağılayıcı söz işlədirlər. Uşaqların ağzına o söz düşür və həmin şagirdi ələ salmağa başlayırlar".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Məktəb təlim-tərbiyə ocağı olsa da, şagirdlər burada da bəzən psixoloji və sosial təsirlərə məruz qalırlar. Elə bu ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin xeyli hissəsi şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişəli durumlarla bağlı olub. Nazirliyin yaydığı məlumata görə, Bakı şəhəri, Şamaxı, Cəlilabad, İsmayıllı, Sabirabad, İmişli, Kəlbəcər, Qobustan, Lənkəran və Biləsuvar rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciət edən şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə dərhal yerində araşdırılıb. Təsdiqini tapan hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Hətta buna görə məktəblərdə töhmət verilənlər, işdən çıxarılanlar da olub.

Elina Hacıyevanın anım mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elina Hacıyevanın direktoruna cəza istənildi

Bütün bunlar Təhsil Nazirliyinin məktəblərdə bullinqin qarşısını almaq məqsədilə əməli işlərə başladığı təəssüratını yaradır. Lakin fakt-faktlığında qalır ki, respublika məktəblərində buillinq hallarına kifayət qədər rast gəlinir. Bəs bunun baş vermə səbəbləri nədir və bu səbəbləri necə aradan qaldırmaq olar? Sputnik Azərbaycan bu suallara cavab tapmağa çalışıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirin 13 may 2019-cu il tarixli əmri ilə "Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı" təsdiq edilib. Həmin Planda ümumtəhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur. Eyni zamanda bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi hallar üçün yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayıb. Bu barədə ölkənin bütün ümumtəhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib.

Təhsil Nazirliyi valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə "Mənimlə danış" sosial videoçarxı hazırlayaraq sosial kampaniya başladıb. Sözügedən sosial çarx Təhsil Nazirliyinin rəsmi facebook səhifəsində son 2 ay ərzində 177 min 764 nəfər tərəfindən izlənilib, 5244 nəfər tərəfindən bəyənilib və 3211 nəfər tərəfindən paylaşılıb. Sosial çarxın yerli televiziya kanallarında yayımlanması təmin edilib.

"146-2 "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər yerində araşdırılır, müvafiq tədbirlər görülür. "Qaynar xətt" xidmətinə oktyabr və noyabr aylarında ümumilikdə 51 müraciət daxil olub. Daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişəli vəziyyətlərlə bağlıdır. Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerindəcə araşdırılıb. Nəticədə 1 məsul şəxs işdən azad edilib, məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, 14 nəfərə töhmət verilib, 3 müraciətə dair toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub", - deyə Təhsil Nazirliyindən bildiriblər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Sputnik Azərbaycan-a bildirib ki, şagirdlər arasında qısnama hallarının baş verməsinin kökündə tərbiyə sisteminin düzgün qurulmaması durur: "Əgər məktəblərdən gələn şikayətlər arasında qısnama halları, müəllim-şagird arasında münaqişələr varsa, həmin hadisələr mütləq nəzarətə alınmalıdır. Məktəb təkcə təhsil vermir. Məktəblərdə təlim-tərbiyə sözünün yanaşı çəkilməsi təsadüfi deyil. Əgər belə hallar varsa, deməli, məktəbdə təhsil verilir, təbiyə sistemi isə işləmir. Bu, həmçinin məktəblərdə pedoqoji şuraların fəaliyyətinin zəif olmasından xəbər verir. Təhsilin əsas məqsədi yaxşını pisdən, düzü-əyridən seçməkdir. Şagirdlər arasında qısnama halı varsa, müəllim-şagird münasibətlərində münaqişələr yaranırsa, deməli, bu seçim düzgün aparılmır. Təhsil ocaqlarında şagirdlər arasında qısnama hallarının, eləcə də müəllim-şagird münasibətlərinin münaqişə həddinə çıxmasının qarşısını almaq üçün gündəlik iş aparılmalıdır. Bu halları doğuran səbəblər analiz olunmalıdır".

Elina Hacıyevanın anım mərasimi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elina Hacıyevanın anım mərasimindən kadrlar

Psixoloq Samirə Abdullayeva isə deyir ki, bullinq anlayışı fərqliliyə qarşı toplumun reaksiyasıdır. Bu reaksiya fərqli ola bilər - daha ağır və aqressiv, yaxud da bir az mərhəmətli. Bullinqi edənlər isə əslində özləri psixoloji baxımdan zəif insanlardır. Onlar özlərini təsdiq etmək üçün kimisə alçaltmalıdırlar.

"Bullinqin səbəbləri müxtəlif olur. Burada təqib edən, təqib edilən və ona şahid olanlar var. Təqib edən qarşısındakını hər cür vasitə ilə təhqir edir, alçaldır ki, o qrupun gözündə böyük və güclü görünsün. Aqressiyanın arxasında hər zaman qorxu durur. Təqib edən qarşısındakını alçaltmaqla öz gözündə və ətrafdakıların gözündə özünü ucalmış kimi hiss edir. Eyni zamanda araşdırmalar göstərib ki, bu sosial-psixoloji anlayışdır. Məktəb özü sosial institutdur. Uşaqlar öz etdikləri hərəkətin fərqinə varmırlar. Biri digərinə pis deyirsə və digərlərini də həmin şəxsə qarşı yönəldirsə, hamı ona pis deyir. Adətən məktəblərdə bullinq yaxşı oxuyan şagirdlərə qarşı, eyni sosial qrupdan olmayan uşaqlara qarşı yönəlir", - deyən psixoloqun fikrincə, bullinqin qarşısını almaq üçün öncə aqressiyanın qarşısı alınmalıdır. Bunun üçün uşaqlara mənəviyyat və mərhəmət hissi aşılanmalıdır. Bu iş evdə valideynlər, məktəblərdə də müəllimlər tərəfindən davam etdirilməlidir.

"Təəssüf ki, müəllimlər özləri bullinqə şərait yaradır, çox vaxt onun təşəbbüskarı özləri olurlar. Bütün sinfin qarşısında şagirdə qarşı aşağılayıcı söz işlədirlər. Uşaqların ağzına o söz düşür və həmin şəxsi ələ salmağa başlayırlar. Ona görə də müəllimin özünün mənəvi, şəxsi keyfiyyətləri və psixoloji hazırlığı çox yüksək olmalıdır. Məncə müəllimlər sinfə yoxlanılıb buraxılmalıdır. Əgər müəllim evindən əsəbi gəlibsə, aqressivdirsə, istənilən vaxt uşaqlara qarşı davranışında nöqsana yol verə bilər", - deyə Abdullayeva bildirib.

O əlavə edib ki, bir çox hallarda konfliktlə bullinq qarışdırılır, lakin bunlar ayrı-ayrı anlayışlardır. Konflikt zamanı tərəflərin hər ikisi eyni gücdə olaraq mübahisə edirlər. Bullinqdə isə toplum bir nəfərin üzərinə düşür. Belə halda bullinqə məruz qalan uşaq məktəbə getmək istəmir.

Psixoloqun fikrincə, uşağın psixologiyasına təsir etmək böyüklərlə müqayisədə daha asandır. Ona görə də, pedoqoqlar bu məsələlərə həssas yanaşmalıdırlar. Müəllimlərin psixoloji hazırlıq səviyyəsi də yüksək olmalıdır.

Xəbər lenti
0